Səbət analizi



 

Səbət analizi və ya “Qardaş, bir dənə YouTube-dan Eyyubu qoş, yediklərimiz həzmə getsin.”

Səbət analizi, birlikdəlik analizinin (Association Rules Analysis) bir növü olaraq, müasir marketinqin və satış strategiyalarının effektiv alətlərindən biridir.

Məsələn, mən şanson janrını sevən biri kimi YouTube-da Eyyubun mahnılarını seçdikdə, sistem avtomatik olaraq Aydınçikin ifalarını da tövsiyə edir. Çünki YouTube-un analiz sistemləri bilir ki, Eyyuba qulaq asan istifadəçilər çox vaxt Aydınçikə də qulaq asır. Eynilə, Trendyol-da bir məhsula baxarkən "Bunu alanlar bunları da aldı" bölməsində bizə əlavə məhsullar təklif olunur. Bütün bunlar səbət analizinin nəticələridir.

Marketoloqlar və pərakəndə satış sektoru üçün səbət analizi yeni anlayış deyil. Lakin bu metodun potensialını dərk edib düzgün tətbiq etmək, həm müştəri təcrübəsini, həm də satış performansını ciddi şəkildə inkişaf etdirə bilər.

 

Səbət Analizi: Müştəri Davranışlarını Anlamağın Açarı

Qısaca desək, səbət analizi müştərilərin satınalma davranışlarını və məhsullar arasındakı əlaqələri təhlil edərək, hansı məhsulların tez-tez birlikdə alındığını müəyyənləşdirməyə imkan verən bir texnikadır. Bu analiz nəticəsində əldə edilən məlumatlar çarpaz satış imkanlarını müəyyənləşdirmək, promosyon strategiyalarını optimallaşdırmaq və müştəri təcrübəsini fərdiləşdirmək üçün istifadə olunur.

 

💡Niyə Vacibdir?

Çarpaz Satış İmkanları

Birlikdə alınan məhsullar müəyyən edildikdə, həmin məhsulları əlaqələndirərək müştərilərə əlavə təkliflər təqdim etmək mümkündür. Bu yanaşma həm müştəri məmnuniyyətini artırır, həm də orta səbət dəyərini yüksəldir.

Stok İdarəetməsi

Hansı məhsulların birlikdə populyar olduğunu bilmək, daha səmərəli stok planlamasıdəqiq tələb proqnozlaşdırması aparmağa şərait yaradır.

Fərdiləşdirilmiş Müştəri Təcrübəsi

Müştərilərə alış tarixçəsinə və davranışlarına uyğun, daha əlaqəli və fərdi təkliflər təqdim etməklə onların markaya olan bağlılığı artırıla bilər.

Rəf Düzülüşünün Təkmilləşdirilməsi

Fiziki mağazalarda məhsul yerləşdirilməsi zamanı birlikdə alınan məhsulların yaxın məsafədə yerləşdirilməsi, müşahidə və impuls alışlarını stimullaşdıraraq satış ehtimalını yüksəldir.

 

Nümunə:

Məsələn, bir elektronika mağazası səbət analizi nəticəsində müəyyən edir ki, müştərilər noutbuk alarkən çox zaman flash kartnoutbuk çantası da alırlar. Bu məlumat əsasında mağaza, noutbuklara yönəlik kampaniyalarında bu məhsulları da daxil edərək çarpaz satış strategiyası formalaşdırır və satışlarını artırır.